Ey dil, barı meyxanə sarı bir güzər eylə
Ey dil, barı meyxanə sarı bir güzər eylə Müəllif: Ağa Hacı Molla Tağızadə |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Ey dil, barı meyxanə sarı bir güzər eylə
Gör məstlərin haləti-vəcdin, nəzər eylə.
Gər istəyəsən dəhrdə sahibnəzər olmaq,
Xaki-dəri-meyxanəni, gəl külbəsər eylə.
Bir gül məni cövr ilə şəhid eylədi axir,
Bülbüllərə, ey badi-səba, get xəbər eylə.
Yan atəşi-hicranə, könül, çək bu bəlanı,
Bu eşqdən axir demədimmi həzər eylə?
Təsir eləməz ol büti-səngindilə naləm,
Ey ahi-səhər, gəl, barı sən bir əsər eylə.
Ahım küləyi yıxmadi bünyadını hicrin,
Ey seyli-sirişkim, sən özün bir hünər eylə.
Çıxmaz başa, yüz şərh edəsən zülfi-hədisin,
Bixud, bu uzun qissəni, gəl, müxtəsər eylə.