Ey dil, rəva deyil ki mən əğyarə yalvarım

Ey dil, rəva deyil ki mən əğyarə yalvarım
Müəllif: Fatma xanım Kəminə
Mənbə: Fatma xanım Kəminənin şeirləri — azadliq.org saytı. Yayımlanıb: 11.03.2013.

Ey dil, rəva deyil ki mən əğyarə yalvarım,
Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.

Murü mələx və möminü asi və müstəhəq,
Lütfi-xudayi-qadirü ğəffarə yalvarım.

Rumü firəngü özbəgü hində nə ehtiyac
Qeyrəz xuda, gedim necə tatarə yalvarım?!

Mənsur tək çəkibdi məni darə zülfi-yar,
Yad eyləyim ənəlhəqini, darə yalvarım.

Bülbülsifət nəvayə gətirdin Kəminəni,
Sevdayi-gül başımda, necə xarə yalvarım?