Ey gülüm, ey sünbülüm, ey susənim, ey ənbərim
Ey gülüm, ey sünbülüm, ey süsənim, ey ənbərim Müəllif: İmadəddin Nəsimi |
Еy gülüm, ey sünbülüm, ey süsənim, ey ənbərim,
Ey mənim nüqlüm, meyim, həbbim, nabatım, şəkkərim.
Ey həbibim, ey təbibim, ey bütüm, ey həmdəmim,
Ey rəfiqim, ey şəfiqim, ey ənisim, dilbərim.
Ey baharım, ey nigarım, ey şikarım, şahidim,
Ey hərifim, ey zərifim, ey şərifim, sərvərim.
Ey gülüstanım, gülüm, sərvi-güləndamım mənim,
Sağərim, şəm’im, şəbistanım, məlayikmənzərim.
Ey riyahin rahətim, ruhi-rəvanım, lütf ilə,
Sərfərazim, sərkəşim, şuxü səadət əxtərim.
Ey mənim xurşidü mahım, ey çırağım, fanusum,
Şux çeşmim, lütfi-şahım, ey mübarək peykərim.
Eşqin aldı əqlü huşum, könlümü yəğmaladı,
Söylə axər, ey Nəsimi, cani-dildən çakərim.