Ey geyib gülgyn, dəmadəm əzmi-cövlan eyləyən

Ey geyib gülgyn, dəmadəm əzmi-cövlan eyləyən
Müəllif: Məhəmməd Füzuli


Ey geyib gülgyn, dəmadəm əzmi-cövlan eyləyən,
Hər tərəf cövlan edib, döndükcə yüz qan eyləyən.

Ey məni məhrum edib bəzmi-vüsalından müdam,
Qeyri xani-iltifati üzrə mehman eyləyən.

Ey dəmadəm rəşk tiğilə mənim qanım töküb,
Mey içib, əğyar ilə seyri-gülüstan eyləyən.

Bunca kim, əfğanımı, ey məh, eşitdin gecələr,
Demədin bir gecə kimdir bunca əfğan eyləyən?

Nola gər cəmiyyəti-xatirdən olsam naümid,
Cəm olurmu xublər zülfü pərişan eyləyən?

Yar dün çəkmişdi qətlim qəsdinə tiği-cəfa,
Yetməsin məqsudinə, ya rəb pəşiman eyləyən.

Eşq dərdilə olur aşiq mizaci müstəqim,
Düşmənimdir dustlar bu dərdə dərman eyləyən.

Zahidin tən ilə döndərdim üzün mehrabdən,
Necə bulmaz əcr, min kafir müsəlman eyləyən.

Dərdi-hicran natəvan etmiş Füzuli xəstəni,
Yoxmudur, ya rəb, dəvayi-dərdi-hicran eyləyən?!