Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək

Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək
Müəllif: Molla Cümə
Mənbə: Paşa Əfəndiyev. "Molla Cümə (həyatı və yaradıcılığı)" (PDF) (az.). "Ləman nəşriyyat poliqrafiya". 2017. İstifadə tarixi: 2018-08-31.

Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək,
Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək.

Göz siyah, dəndan bəyaz, ləbləri şux, qönçə dəhan,
Al yanaq, nəsri buxaq, ol qaşları qəmər gərək.

Əl şüşə, barmaq qələm, dırnaq sədəf başsan-başa,
İncə bel, əndamı şux, tər sinəsi mərmər gərək.

Xoşqılıq, xoş məcazlı, xoş ixtilat eylər ləziz,
Dindirsən, can söyləyən, hər kəlməsi şəkkər gərək.

Avazı bülbül kimi, danışanda dür tökülə,
Nəfəsindən gül qoxuyan, ətri müşk-ənbər gərək.

Hər səhər min naz ilə sığallanıb qarşı çıxa,
Yerişi kəklik kimi, həm libası məxmər gərək.

Ağıl ola başında cəm, həm gözləyə namus-arı,
Ədəbi-mərifəti, el dilində əzbər gərək.

Rəqib sözünə uymayan, əğyara məhəl qoymayan,
Fitnə-fəsadı qanmayan həyalı bir dilbər gərək.

Bu nişanda məhbubənin xidmətində qul olmağa,
Sənin kimi, Molla Cümə, bir ciyəri əxbər gərək.