Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır
Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.246. 22 avqust 2017 tarixində arxivləşdirilib |
Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır,
Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.
Ey sənəm, hicran əlində naleyi-zar eylərəm,
Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.
Ol səbəbdəndir ki, mən bimarü-rəncur olmuşam,
Xəstə könlüm mərhəmi, şol dərdə dərman ayrılır.
Rəngi-çöhrəm zərd olubdur, qamətim həm çün hilal,
Ol günəş üzlü həbibim, lə’li-xəndan ayrılır.
Taqətim, səbrim tükəndi, yarsız mən neylərəm?
Əqlimi şeyda qılan ol çeşmi fəttan ayrılır.
Məhşəri-yövmül-hesab, qopdu qiyamət başımə,
Çünki, ey Yusuf sifətli, piri-Kən’an ayrılır.
Ey cigərsuz nari-firqətdən Nəsimi çarə nə?
Hər kimə nəhnü qəsəmna çün əzəldən ayrılır.