Ey məh, mənimlə dustlərim düşmən eylədin
Ey məh, mənimlə dustlərim düşmən eylədin Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.190. |
Ey məh, mənimlə dustlərim düşmən eylədin,
Düşmən həm eyləməz bu işi kim, sən eylədin.
Peykanlarınla doldu tənim, afərin sənə
Bidad çəkməyə tənimi ahən eylədin.
Təhsin sənə ki, könlüm evin tirə qoymadın,
Hər zəxmi-navəkin ona bir rövzən eylədin.
Olsun ziyadə rif’ətin, ey ahi-atəşin,
Möhnətsəramizi bu gecə rövşən eylədin.
Əksilməsin təravətim, ey əşki-laləgun,
Gül-gül damıb məqamımızı gülşən eylədin.
Can çıxsa, mənzil etməyə ev tut hübabdən,
Ey göz yaşı ki, qəsdi-binayi-tən eylədin.
Mümkün degil, Füzuli, cahanda iqamətin,
Bihudə sən bu mərhələdə məskən eylədin.