Ey məzaqi-cana cövrin şəhdü şəkkər tək ləziz
Ey məzaqi-cana cövrin şəhdü şəkkər tək ləziz Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.99. |
Ey məzaqi-cana cövrin şəhdü şəkkər tək ləziz,
Dəmbədəm zəhri-qəmin qəndi-mükərrər tək ləziz.
Atəşi-bərqi-fəraqın nari-duzəx tək əlim,
Cüreyi-cami-visalın abi-kovsər tək ləziz.
Şərhi-əhvalım sənə məstə nəsihət kimi təlx,
Təlx göftarın mənə məxmurə sağər tək ləziz.
Daği-eşqin dərdi zövqi-səltənət tək dilpəzir,
Xaki-kuyin seyri fəthi-həft kişvər tək ləziz.
Nola bulsam zövq göydürdükcə sinəm üzrə dağ,
Əhli-dərdə dağ olur, bidərdə zivər tək ləziz.
Taza-tazə daği-dərdindir dili-suzanıma
Filməsəl hirs əhlinə cəmiyyəti-zər tək ləziz.
Ey Füzuli, aləmin gördüm qamu nemətlərin,
Hiç nemət görmədim didari-dilbər tək ləziz.