Ey səba
Müəllif: Molla Pənah Vaqif

Ey səba, yarə de kim, avarə gördüm Vaqifi,
Qəm əlindən bikəsü biçarə gördüm Vaqifi,
Bağrı olmuş sərbəsər sədparə gördüm Vaqifi,
Aqibət salmış özün odlarə gördüm vaqifi,
Gecə-gündüz müntəzir didarə gördüm Vaqifi.

Bir yanar atəş salıb pərvanə tək əzainə,
Oxşayıbdır dəhrdə aşiqlərin risvasinə,
Nalə eylər gecə-gündüz, yalvarır mövlasinə,
Baş qoyub eylə sənin ol zülfünün sevdasinə,
Bir zaman basmaz ayaq bazarə, gördüm Vaqifi.

Qaməti-mövzun ilə bir sərvi-gülşənsən gözəl!
İki dünyanın səfavü zövqünə tənsən, gözəl!
İtməyə gözdən, könüldən ayrısan, gensən gözəl!
Fikri, zikri, dediyi, danışdığı sənsən, gözəl.
Mayil olmaz hər yetən köftarə, gördüm Vaqifi.

Qaşlarından ayrı ol mehrabı görməz gözləri,
Eyləməz şəmsə nəzər, məhtabi görməz gözləri.
Arizin istər, güli-sirabi görməz gözləri,
Ağlar eylə gecə-gündüz, xabı görməz gözləri,
Yandırıbdır canını odlarə, gördüm Vaqifi!

Söylə kim, başın üçün, bir lütf qıl, ey gülüzar!
Sallanıb sərvi-rəvan tək bu yana eylə güvar,
Gecə-gündüz dərdü qəm etmiş məni candan bezar,
Görməyə didarını hərdəm çəkər çox intizar,
Gözlərin dikmiş baxar yollara gördüm Vaqifi