Ey sevdiyim, ey dilruba

Ey sevdiyim, ey dilruba
Müəllif: Əliağa Şıxlinski
Mənbə: Metanet Kerimova. İlk azərbaycanlı tibb bacısı-Nigar Şıxlinskaya — 30-04-2015

Ey sevdiyim,ey dilruba,
Səbrim qərarımsan mənim.
Səd mərhaba, səd mərhaba
Nə türfə yarımsan mənim.

Görən səni ey nazənin,
Deyər: pəh-pəh səd afərin!
Dünyada mislin yox yəqin,
Əcəb dildarımsan mənim!

Gözəl zahirdə surətin,
Gözəl batin,təbiətin.
Gözəl hər işdə qeyrətin,
Namusum,arımsan mənim.

Mənim baharda bülbülüm,
Mənim qızılca sünbülüm.
Gülşənlərdə zərif gülüm,
Bağlarda barımsan mənim.

Səni ziyarət eylərəm,
Sənə ibadət eylərəm.
Həm çox sədaqət eylərəm.
Çün sən Nigarımsan mənim.

Mən aşiqin adı Əli,
Verdin bu dərsi bilməli.
Eşqindən olmuşam dəli,
Sən ahu zarımsan mənim.

Xarici keçidlər redaktə