Ey sitəmkar məni rüsvayi-cahan eyləmisən

Ey sitəmkar məni rüsvayi-cahan eyləmisən
Müəllif: Heyran xanım Dünbüli
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ey sitəmkar məni rüsvayi-cahan eyləmisən
Gözümün yaşını çün Dəclə ravan eyləmisən.

Həmnişin eyləmisən düşməni, ey mayeyi-naz
Rəşkdən canım alıb bağrımı qan eyləmisən.

Gün kimi arizinə zülfi-çəlipanı salıb
Günü gör, əbru-siyah altda nihan eyləmisən.

Nazilə, işvə ilə seyr eləyib gülzan
Göstərib möcüzə sən sərvi-rəvan eyləmisən.

Bir canım var idi, ey şux ki, aldın o zaman,
Özgə can dəxi bu bikəsdə güman eyləmisən.

Qaşların taği-sitəm almış ələ, kipriyin ox,
Öldürürsən məni, nahaq yerə qan eyləmisən.

Neçin ey şux niqabın götürübsən üzdən,
Ruyi-xurşidvəşi xalqa əyan eyləmisən.

Almısan ağlımı sərdən mənim, ey afəti-can
Qəddimi möhnəti-hicrində kəman eyləmisən.

Həsrəti vəslin ilə, ey mahi-mən, Heyranı
Başı yerdə, gözü yolda nigaran eyləmisən.