Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi
Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi Müəllif: Məhəmməd Füzuli |
Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi,
Çeşmi-ümmidim çiraği-vəsldən pürnur idi.
Qürb şövqi afiyətbəxşi-təni-bimar idi,
Vəsl zövqi rahətəfzayi-dili-məhcur idi.
İzzətim şəmi münəvvər, taleim əzmi qəvi,
Dövlətim hökmü rəvan, eyşim evi məmur idi.
Daməni-iqbalimə gərdi-təərrüz yetməyib,
Çeşmi-hasid çöhreyi-cəmiyyətimdən dur idi.
Adəm idim, qürbi-dərgahında bolmuşdum qəbul,
Mənzilim cənnət, meyim kovsər, ənisim hur idi.
Bəxt mətlubim müyəssər qılmağa məhkum olub,
Dəhr əsbabim mühəyya qılmağa məmur idi.
Hər dua qılsam təvəqqüfsüz olurdu müstəcab,
Hər təmənna eyləsəm, ehmalsız məqdur idi.
Hicr vəhmindən yetirməzdim küdurət könlümə,
Gərçi dövranın müxalif gəzməgi məşhur idi.
Nola gər salsa Füzulini qəmi-hicranə çərx,
Vəsl əyyamında ol qafil ikən məğrur idi.