Eylə (Növrəs İman)

Eylə
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.43

Xəllaqi-möhtərəm, şahi-zülkərəm,
Bu uzun gecəni tez sabah eylə.
Dağıt üstümüzdən çəni, dumanı,
Şöləyi-münəvvər şəmsü mah eylə.

Kərəm qalıb desən yazıqdı onlar,
Təqdiri-qəzaya baş qoyub qollar.
Şəms eylə hər yandan, görünsün yollar,
Viranə şəhrini bizə agah eylə.

İlahi, rəhm eylə İman qəmkeşə,
Sözdən gərək mətləb çıxa, həm nəşə.
Səndən mətləb istəmirəm həmişə,
Duamı müstəcəb gahbagah eylə.