Eyləmə (Dəllək Murad)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Eyləmə Müəllif: Dəllək Murad |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Qadir Allah, budu səndən diləyim,
Sən mərdi namərdə möhtac eyləmə.
Qeybi xəzinəndən yetir ruzisin,
Sən mərdi namərdə möhtac eyləmə.
Ədalət kanısan, kərəmin çoxdu,
Tənəli söz xəncər, nizədi, oxdu,
Qardaşın qardaşa vəfası yoxdu,
Qardaşı qardaşa möhtac eyləmə.
Namərd körpüsündən, ölsəm, keçmərəm,
Karvan olsam mənzilinə düşmərəm,
Əlindən camını alıb içmərəm,
Sağ əli sol ələ möhtac eyləmə.
Şair olan deyər sözün arısın,
Arısı olması, olsun yarısın,
Qoy lap alsın gözlərimin birisin,
Bu gözü o gözə möhtac eyləmə.
Dəllək Murad deyər sözün zatını,
Əl əldən ötkündü işin çətini,
Qurda, quşa qismət elə ətini,
Atanı oğula möhtac eyləmə.