Eyləməsin
Müəllif: Fazil xan Şeyda
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Fələk heç kimsəni, yarəb, nigəran eyləməsin,
Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Eşq canına salıb, afəti-can eyləməsin,
Onu dildən-dilə məşhuri-cahan eyləməsin,
Açılan qönçə kimin ömrü xəzan eyləməsin.

Mənə cövrü sitəm etməkdə fələk qoymadı kəm,
Necə Yusif kimi zindanə salıbdır möhkəm,
İstəməm bir kəsə izhar eləyim möhnətü qəm,
Yoxdur aləmdə dəxi bir belə yari-möhkəm
Ki, nihan sözlərimi xəlqə bəyan eyləməsin.

Gah naz ilə, gahi işvə ilə ol kafər,
Tiği-hicranilə hər ləhzədə can qəsdin edər,
Yetişən dadıma yox kimsədə insaf məgər?
Deyin ol zalimü xunxarə ki, Allahı sever,
Öldürüb aşiqi, nahəq yerə qan eyləməsin.

O qara gözlü ki, bir qan içici qatil imiş,
Natəvan könlüm əcəb yerdən ona mayil imiş,
İndi bildim ki, bu günlərdə vəfa müşkül imiş,
Deyin ol bülbülə kim, naləsi bihasil imiş,
Daxi bundan sora gülşəndə fəğan eyləməsin.

Yar özü könlün eda mənzilini Şeydanın,
Görə başdan-başa razi-dilini Şeydanın,
Açıban lütf ilə bu müşkülüni Şeydanın,
Çərx soldurmasın, axır, gülüni Şeydanın,
Ömrünün tazə baharını xəzan eyləməsin.