Eyləmişdim, sənəma, vəslinə adət gecələr

Eyləmişdim, sənəma, vəslinə adət gecələr
Müəllif: Mirzə Əli Xan Ləli
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Eyləmişdim, sənəma, vəslinə adət gecələr,
İndi sənsiz mənə bərpadı qiyamət gecələr.

Alır aramımı əzbəski, o bimar gözün,
Dili-rəncurumu qoymaz yata rahət, gecələr.

Ruzi-vəslində mənim səbrü qərarım yox idi,
Necə mümkündü fərağında fərağət gecələr?

Gecələr bəs ki, qəmindən çəkirəm naləvü ah,
Ahü naləmdən edir xalq şikayət gecələr.

Düşə bir də şəbi-vəslin ələ, ey mahi-tamam,
Eylərəm bircə tamaşayə qənaət gecələr.

Qamətin fikri açılmaz gecələr başımdan,
Başa gəlməz bu qiyamətdən əlamət gecələr.

Gündüzüm hər necə pürdərdü məlal olsa keçər,
Olu dərdi-qemim, ey şux, ziyadət gecələr.

Baxsa ayineyi-rüxsarına, ey mehri-münir,
Öz camalından olur mah xəcalət gecələr.

Xəmi-zülf içrə üzündən gözüm olmaz qafil,
Sübhü bidar tapar əhli-ibadət. gecələr.

Sübhə dək nalə çəkib, yatmaram, ey sərvi-qiyam,
Qaimülleyl məni qılmış o qamət, gecələr.

Bilmisən başıma zülfün nə müsibət gətirib,
Çəkərəm zülfün əlindən nə riyazət, gecələr.

Xabi-naz içrə özün sübhə kimi rahatsan,
Bilmisən zahir olur məndə nə halət, gecələr.

Gündüz, ey məh, sənə mümkün deyi gəlmək, bilirəm,
Eylə bari məni-bimari əyadət, gecələr.

Kəbeyi-ruyunu ol kimsə ziyarət qılmaz,
Ki, üzün etməyib əşkilə təharət gecələr.

Algilən canımı, qurtar qəmi-hicranından,
Yoxdu Ləlidə bu hicranıma taqət, gecələr.