Eylər (Növrəs İman)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Eylər
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 43

Ala gözlü, nə durubsan qarşıda,
Səni görüb könlüm ahü zar eylər.
Salıb cəsədimi yandırdın oda,
El görər bizləri, səngisar eylər.

Sürahi gədənin sərvi-rəvandı,
Hər qıya baxışın min nahaq qandı.
Sədrin çəməngahı mənə dərmandı,
Sağaldar mərizi, xub rəftar eylər.

Səni gördüm, nələr düşdü yadıma,
Dərdim desəm, kimlər yetər dadıma?
Vəfasızlıq uymaz mənim adıma,
Novrəs İman hər vaxt düz ilqar eylər.