Eylərsən
Eylərsən Müəllif: Xəstə Qasım |
Mənbə: "Xəstə Qasım (1684-1760)" (az.). shahbulaq.az. 12.09.2014. İstifadə tarixi: 2015-04-20. |
Gözəl, səndə nə qaydadı,
Gedəni yoldan eylərsən.
Salarsan eşqin oduna,
Ulusdan, eldən eylərsən.
Mən ha billəm sən əttarsan,
Qənd ilə noğul satarsan.
Dəryalara tor atarsan,
Sonanı göldən eylərsən.
Gözəl, nə bildin halımı,
Əyibsən qəddü-dalımı.
Mən Qasıma bu zülümü,
Kim eylərdi, sən eylərsən.