Eyləyəm
Müəllif: Molla Pənah Vaqif
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Harda gördüm bir şux, kaman qaşlını,
İstərəm canımı qurban eyləyəm.
Tutam zülfün ucun, dönəm başına,
Bağrımı oduna büryan eyləyəm.

Mən bilirəm qədrin sərxoş cavanın,
Həlqə-həlqə zülfün, tər zənəxdanın.
Bu gül əndamlının sərvi - rəvanın,
Durum yerişinə seyran eyləyəm.

Mən onun dərdinə oldum mübtəla,
Şəmi xiyalıma o verir ziya,
Xublardan ki, mənə gəlsə hər bəla,
İstəməm ona mən dərman eyləyəm.

Xublara vermişəm din-imanımı,
Şövkətü-şanımı, adü-sanımı,
Cəllad tək gözləri alsa canımı,
Namərdəm mən əgər aman eyləyəm.

Vaqifə rəhm eylə bari, ilahi,
Agah et dərdimdən ol üzü mahi,
Qədəm basıb bizə gəlsin nagahi,
Bir gecə mən onu mehman eylərəm.