Eyləyir (Növrəs İman)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Eyləyir
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 44-45

Üsuli-din demək dinin köküdü,
Tohidi-bir Allah aşkar eyləyir.
Qulhuvəllahidə dəlildi əhəd,
Dildə təkliyini iqrar eyləyir.

İkinci, ədldi, ədalət bir ad,
Vəməllah yuridən zülmən lilibad.
Yəni, zülm eyləməz, eyləyər imdad,
Dolandırıb hərdən ehzar eyləyir.

Üçüncü kəlmədə nübüvvətdi həm,
Yüz iyirmi dörd min peyğəmbərdi cəm,
Əvvəli Adəmdi, axırı Xatəm,
Dəlili-əhvalın ilqar eyləyir.

Məkana Məhəmməd xəlq olub əzəl,
Əba əhəd vardır o nuri-gözəl.
Vəlahu kan Rəsulullahdır əzəl,
Külli şeyyin elmə hüşyar eyləyir.

Ona təlim verib elmi-ilahi,
Göstəribdi bizə o doğru rahı.
Məhşərdə məxluqat çəkəndə ahı,
Şəfaət o şahi-əbrar eyləyir.

İmamət Əlini haqq bil, inan,
On bir övladıynan ol Şahi-Mərdan
Vəliyyikumullah ayeyi-Quran,
Nisbəti Əhmədi-Muxtar eyləyir.

Mim, yey ölərsən, həm dirilərsən,
Ayın-adil qiyaməti görərsən.
Dal-qurar divanın, onda bilərsən,
Haqq divan bir qəni səttar eyləyir.

"İnna nəhnu nəhyəl mövt" kalamı,
Mənada, müxtəsər, ölmdəki hamı.
Tapmasan axırda dərdə əncamı,
İstəsə heydəri-Kərrar eyləyir.

Aldanıbsan əgər cifəyə hərdəm,
Çəkilər hesabı o gündə möhkəm.
Dilində vaynövsə, könlün alar qəm,
Novrəs İman sizə izah eyləyir.