Füzuliyə nəzirə (Üzeyir Hacıbəyov)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Füzuliyə nəzirə
Müəllif: Üzeyir Hacıbəyov
Mənbə: Hacıbəyov Ü. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1985. 653 s. səh.334-335


Belə rəvayət edirlər ki, Hindistanda bir biyaban var, dərvişlər o biyabana gedib dəyirmi bir cızıq çəkirlər və tamam 40 gün orada qalıb, axırda bilici olurlar. Amma deyirlər ki, hərgah bir dərviş 40 günün içində bu dəyirmi cızıqdan ayaq kənara qoysa, haman dəm onun üstünə şirlər, pələnglər, əcdahalar tökülüb parça-parça edərlər.

İndi bizim dumanın üzvləri də gedib, Peterburqda Tavriçeski saraya girib arxayındırlar ki, heç bir "şir", "pələng", "əcdaha", yəni qaradavoy-filan onlara bir çırtma da vura bilməz. Amma di hünərləri var, oradan çıxıb dağılsınlar! Deyirəm ki, Purişkeviç və yoldaşlarından savayı birini də yerdə qoymazlar, o saat tutub qazamata salarlar. Odur ki, indi pasxa bayramını bəhanə edib, hökumət onlara deyir ki, ay balam, ta bəsdir danışdırınız, yorulubsuz, bayram gəlir, gedin bir az gəzin, sonra yenə qayıdıb gələrsiniz. Onlar da hökumətin bicliyini duyub, deyirlər ki, lotu, öz aramızdır, amma bizi tutub voyenni polevoy suda verərsən! Qərəz, məzəli işdir.

  • * * * *


Amma bundan məzəli iş olmaz ki, görürsən, birdən bir millət xaini durub özünü millətə xahan hesab edir, bəzi vaxt, hələ desən, cəmi aləmi-islam tərəfindən də qazılıq edir. Məsələn, cəmi ağıllı adamlara məlumdur ki, Osmanlı hökuməti türk millətinin və aləmi-islamın evini xaraba qoyub, külünü göyə sovurubdur və hər kəs bunlara tərəfdar olsa, o da bütün türk millətinə və aləmi-islama xaindir və hər kəs bu xainə tərəfdar olsa, da xaindir. İndi onu deyirəm ki, məzəli burasıdır ki, bu gün məsələn, bir canıyanan durub, məsələn, Osmanlı hökumətinin pisliyindən danışıb, yazıq millətin dərdinə ağladıqda, görürsən ki, haman o xaini-millətlər yerbəyerdən baş qalxızıb, Osmanlı hökumətini tərif və müdafiə edirlər və öz aləmlərində guya millətə və aləmi-islama yaxşılıq edirlər. Halbuki həqiqətdə bayquş kimi ulayırlar və bu viranə qoyulmuş yeri bir də təzədən viran etmək istəyirlər….

  • * * * *


Bizim bayquşlar bizim yerləri viran etmək istədiyi kimi, rus bayquşları da dumanı dağıdıb, Rusiyanı viran etmək istəyirlər. Bizim xaini-millətlər Osmanlı hökumətini tərifləyən kimi, rus xaini-millətləri də Rusiya hökumətini tərif edirlər. Belə ki, Rusiyadan gələn adamlar xəbər verirlər ki, baş vəzir Stolıpin gündüz axşamadək teleqram almaqdan lap təngə gəlibdir. Bu teleqramları göndərən xainlər və bayquşlar yazıq vəziri tutubdular ki, bu saat dumanı qovub dağıdasan. İndi vəzir də qalıb belə, bilmir nə qayırsın, qovsun-qovmasın. Bir dəli şeytan deyir ki, qov! O biri ağıllı şeytan da deyir ki, qovma! Stolıpin özü də çox bikef olub hərdənbir Füzulinin bu şerini oxuyur:

Ah, kim bir dəm fələk rəyimcə dövran etmədi!
Yerli-dibli uçurub bu dumu viran etmədi!