Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz
Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.146. |
Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz,
Cigər pərkaləsində daği-pünhan olduğun bilməz.
Həbibim könlümü cəm’ eyləməz rüxsarı dövründə,
Məgər zülfü kimi halim pərişan olduğun bilməz?
Qılır təqsir edib bir lütf hərdəm könlüm almaqdan,
Vəfa rəsmin sanır düşvar, asan olduğun bilməz.
Gözəllər dövləti-vəslin bulub, məğrur olan aşiq
Nişati-vəsldə ənduhi-hicran olduğun bilməz.
Dili-sədparədən bidad kəsməz qəmzeyi-məstin,
Nə qafil padişəhdir, mülk viran olduğun bilməz.
Sanır zahid özün xali xəyalından, qələtdir bu,
Bu heyran olduğundandır ki, heyran olduğun bilməz.
Füzuli xəstəyə düşmən sözilə dust cövr eylər,
Zəhi sadə, müariz qövlə böhtan olduğun bilməz.