Fə’lə, özünü sən də bir insanmı sanırsan?!
Fə’lə, özünü sən də bir insanmı sanırsan?! Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Fə’lə, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
İnsan olanın cahü cəlali gərək olsun,
İnsan olanın dövləti, mali gələk olsun,
Hümmət demirəm, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Hər məclisi-alidə soxulma tez arayə,
Sən dur ayaq üstə, demə bir söz ümərayə,
Caiz deyil insanca danışmaq füqərayə,
Dövlətlilərə kəndini yeksanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Fəqr ilə ğina əhlinə kim verdi müsavat?
Mə’nadə də, surətdə də var bunda münafat,
Öz fəzlini pulsuz edəməz1 kimsənə isbat,
Bu mümtənəi qabili-imkanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Get vur çəkicin, işlə işin, çıxma zeyindən,
Məqsud müsavat isə ayrılma ceyindən,
Var nisbətin ərbabi-ğinayə nə şeyindən?
Bir abbasi gün muzdunu milyanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbabi-hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsar?!
Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz də hələ ne’mətimizdən,
Boylə çıxacaqsızmı bizim minnətimizdən?!
Ehsanımızın şükrünü küfranmı sanırsan?!2
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Heç bir utanırsan?!
Ya bir usanırsan?!
Əlminnətü-lillah,
Odlara yanırsan