Fələk (Çoban Məhəmməd)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Fələk
Müəllif: Çoban Məhəmməd
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010.

Dürüst fəhm elə, gör məni,
Salıbsan nə hala, fələk!
Qarışdırıbsan başımı,
Olmaz qilü-qala, fələk!
İki əlim olub, bir başım,
Düşmüşəm mahala, fələk!
Əlimə zurna veribsən,
Qaldım çala-çala, fələk!

Yaş yaşayıb boy çəkəli,
Dolu görmüşdük anbarı.
Deyirdik nəyə lazımdı
Arpaynan dareqan, darı.
O qədər azdı əməlimiz,
Bəyənmədik kərdiyarı.
İndi ayranınan pencər
Dönüb bizə bəla, fələk!

Ağ lavaşı bəyənməyən
İndi hamı ayran içir.
Ah çəkir, boyun bükür,
Güzəranı belə keçir.
Ac qalır, əcəl gəlir,
Faindən üqbaya köçür;
Gora kəfənsiz qoyulur,
Buyurur risala, fələk!

Gicirtganınan unnuca
Yaxşı saxladı adamı.
Əgər ki, onlar olmasa,
Məxluqat batardı hamı.
Şükür, allah, kərəminə!
Görmədim ata-anamı.
Çox oğlanlar atasına
Çöndəribdi dal, a fələk!

Ac qarınlar doyurdu.
Laladibi, nəzikbədən
Onlar böyük ad elədi.
Çox könüllər şad elədi.
Deyim, əvəlik, dübərxdən
Mahala imdad elədi.
Şahpencəri yaddan çıxıb,
Heç gəlmir xəyala, fələk!

Gözümüz yollarda qalıb,
Karvan ha vaxt yük gətirir.
Kimin baxtı dolu,
Kimininki pük gətirir.
Bənadəm cəngəl yeməkdən
Heyvan kimi tük gətirir:
Hamısı löyündən çıxıb,
Dönüb arıq mala, fələk!

İngilisdən gələn şalon
Göyçəni qoydu virana.
Öləni öldü, qaçanı
Dağlarda düşdü borana.
Ac qaldı uşaq, ağlaşdı.
Hamı yön tutduq arana:
Çiynimizə xurcun verdin,
Döndərdin hammala, fələk!

Üzü qara olmuş bahalıq
Neçə nahaq qan elədi,
Mollalar dəftərə yazdı,
Aşıqlar dastan elədi.
Göyərdi gözəl qırxbuğum,
Mahal güzəran elədi.
Görənlərə qəhqəhə çəkdi,
Güldü bu əhvala, fələk!

Getdi əldən var, güzəran,
Məhəmmədəm, qaldım naçar.
İyidin varı olmasa,
Enişə, yoxuşa qaçar.
Çağırram şahi-mərdanı,
Əlbət, bir xeyir qapı açar,
Sidqinən sığınmışam
Müşgüli-həlalla, fələk!