Fələk (divani, Çoban Məhəmməd)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Fələk (divani, Çoban Məhəmməd) Müəllif: Şair Məhəmməd |
Mən sana neyləmişdim,
Qurdun mana al, a fələk!
Ağlımı aldın başımdan,
Möhtacam kamala, fələk!
Sübh-şam sızıldaram,
Çəkərəm çox nala, fələk!
Dərd-qəminən ətrafıma
Qurdun hasar-qala, fələk!
Dost dedin, inandırdın
Mənim kimi ağlı kəmə.
Qoltuğuma qarpız verdin,
Axırında gətdin dəmə.
Cəmi dərdlərdən ziyada
Bir dağ çəkibsən sinəmə.
Sənin qəhrindən ağarıb,
Xəddim olub çal, a fələk!
Dostluğun heç başa varmır,
Sən necə yaman balasan!?
Hər kəsə qəzəbləndin,
Az qaldın oda salasan.
Tökülsün şalvar-sertoyun,
Mənim tək üryan qalasan!
Sözlərim xətrinə dəysə,
Qapından qovala, fələk!
Nə qədər dostluq elədim,
A bivəfa, inanmadın.
Zülm, sitəm işlərindən
Əl götürüb usanmadın.
Aldın dövləti, külfəti,
Ondansa da utanmadın.
Özümü düşgün elədin,
Qoydun daldan-dala, fələk!
Belə işindən ülkmüşəm,
Onçu səndən yan çəkirəm.
Ölmürəm, dirilmirəm.
Zülümünən can çəkirəm.
Qoymuşuq pəncə-pəncəyə,
Sən çəkirsən, mən çəkirəm.
Bir gün camaat yığılar
Bizim qalmağala, fələk!
Biçarə Məhəmmədin
Başına gətdin nə xata.
İki danası var idi,
Müştəri olmadı sata.
Birini payız öldürdün,
Birin yazda saldın ota.
Xayın qarnın heç doymasın,
Ha çalış-çavala, fələk!