Filankəs
Müəllif: Çoban Əfqan
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014.

 
Nə zamandı yar həsrətin çəkirəm,
Sığal verir qaşa, gözə filankəs.
Dilin şəkkər, dodaqların qaymaqdır,
Üzün bənzər oda, közə, filankəs.

Əndamın bənzətdim dağlar qarına,
Gözüm düşüb ağ sinənin narına,
Gözəl olan soyuq baxmaz yarına,
Gəl söykəyək üzü-üzə, filankəs.

Sən Əfqanın əhvalını biləydin,
Şad oluban bir üzünə güləydin,
Dur gedək deyibən yaxın gələydin,
Dərdləşəydik gəzə-gəzə, filankəs.