Firqətin dərdi, nigara, bağrımı qan eylədi

Firqətin dərdi, nigara, bağrımı qan eylədi
Müəllif: İmadəddin Nəsimi


Firqətin dərdi, nigara, bağrımı qan eylədi,
Ruzigar oldu müxalif, vəsli hicran eylədi.

Canımı, yə’ni vüsalından kim, ayırdı fələk,
Gəl bu cansız aşiqi gör kim, nə bican eylədi.

Bağrımın qanın gözümdən axıdar hər dəm qəmin,
Ey sənəm, şövqün məni gör kim, nə giryan eylədi.

Dərdimin dərmanını fəzlindən Allah eyləyə,
Hər dəvasız dərdə çün oldur ki, dərman eylədi.

Sirri-eşqin gəncimiş, anın yeri viranədir,
Yıxdı eşqin könlümü, ol gənci viran eylədi.

Səndən ayru düşdügüm məndən degil, təqdirimiş,
Həqdir, ey can, hər nə kim, təqdiri-yəzdan eylədi.

Canını verdi Nəsimi çün saçın zəncirinə,
Neçin anın məskənin zəncirü zindan eylədi?