Firqətin dərdindən, ey can, yürəgim qan oldu, gəl!

Firqətin dərdindən, ey can, yürəgim qan oldu, gəl!
Müəllif: İmadəddin Nəsimi


Firqətin dərdindən, ey can, yürəgim qan oldu, gəl!
Gözlərim yaşı cahanı dutdu, tufan oldu, gəl!

Canımın vəslinlə həqdən ittisalı var ikən,
Dövləti-vəslindən ayru düşdü, hicran oldu, gəl!

Çəkdi mişkin zülfünü, aldı əlimdən ruzigar,
Şol səbəbdən könlümün halı pərişan oldu, gəl!

Gərçi məndən surətin qaibdir, ey huricamal,
Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl!

Firqətin şol dərd imiş canımda kim, hər kimsə kim,
Fikrinə düşdü bu dərdin, əqli heyran oldu, gəl!

Səndən ayrı düşdügüm ağulər içirdi mana,
Vüslətin tiryakı qanı, vəqti-ehsan oldu, gəl!

Xızr əgər zülmətdə istər çeşmeyi-heyvanını,
Susamış müştaqə lə’lin abi-heyvan oldu, gəl!

Gərçi xəndandır fərəhdən ağzı açılmış gülün,
Əndəlibin gözlərin gör kim, nə giryan oldu, gəl!

Yar cövr etmiş Nəsimiyə, rəvadır gər ana,
Öz nigarından cüda zəncirü zindan oldu, gəl!