Fuad paşanın mədhində

Fuad paşanın mədhində
Müəllif: Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli Axundzadə yeni əlifba layihəsini müzakirə etdirmək məqsədilə, 1863-cü ildə İstambulda olarkən, bu şeiri yazmışdır. O, şeirini bu illərdə Türkiyənin baş naziri olan Fuad paşaya ithaf etmiş və onu tərif edərək, əlifba layihəsini həyata keçirmək üçün kömək istəmişdir.


Hər tərəfdən əhli-islamə bu gün təbşirdir.
Kim Suleyman şahə Asəfvəş vəzirü mirdir.
Şükr lillah ali-Osman dövlətində bu zaman,
Zinət əfzayi-sədarət sədri-pur-tədbirdir.
Şöhrətin tutmuş cahanı, əqldə, həm elmdə,
Zikr xeyrin, Asəfa, məzkuri-bürna, pirdir.
Çünki bilmiş xosrovi-zimərhəmət bu əsrdə,
Məmləkət hifzində rəyin behtər əz-şəmşirdir,
İntixab etmiş səni bu rütbeyi-üzmayə ol,
Müsliminə bu səadət həqqdən tədbirdir.
Mən dəxi ümmidvaram bu səadətdən olam,
Bəhrəyab, əmma muradım xaric əz-təqrirdir.
Qeyrəti-İslamdan məmlu könül birlə bu dəm,
Üz çevirdim dərgəhüzə, zuddur ya dirdir.
Siz bilirsiniz dəftər içrə ərzimi şərh etmişəm.
Sədri-dövran əmri övsafında zu təsirdir.
Qıl himayət sən dəxi Fəthi-Əliyə necə kim,
Fatihi-Xeybər sənə hamiyyü dəstgirdir.