Görüşməyə
Görüşməyə Müəllif: Aşıq Musa |
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013. |
Könlüm pasıbandı səri-kuyində,
Səni arzulayır, yar, görüşməyə.
Gecə-gündüz fikri-xəyalım budur,
Çox çəkirəm intizar görüşməyə.
Xaliqi-ləmyəzəl eyləyə nüsrət,
Gəzə ortalıqda şirin məhəbbət.
Açıla nabahar, biz çəkə ləzzət,
Gətirə bağçalar bar görüşməyə.
Aşıq Musa deyər ay nuri-didar,
Məhəbbət aləmi canda var havar.
Qəlbim yada salıb eyləyir qubar,
Ümidim bir haqqa var görüşməyə.