Görülsün indi
Görülsün indi Müəllif: Seyidnəzər Seydi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Qorxu edə-edə rüsvamız çıxdı,
Hər nə nəsib olsa, görülsün indi!
Zalım düşman axır yurdumuz yıxdı,
Çox yatdıq, yatanlar, durulsun indi!
Mevlam vermiş bizə neçə qalanı,
Qıtmam, Şerverdi, Xalaç, Gilanı,
Başdan ayaq yığıb eldə olanı,
Zalım bəy üstünə yürülsün indi!
Qeyrət edib şirin candan keçəli,
Qılıncdan qırmızı qanlar seçəli,
Düşman ilə aramızı açalı,
Bütün ol iqrara varılsın indi!
Bir yerdə top ilə bayraq tikilsin,
Qoşun iki yandan səf-səf çəkilsin.
Kəllələr kəsilsin, qanlar tökülsün,
Arada qurd oynu qurulsun indi!
Əgər hər kim qorxu etsə canından,
Ayrılmasın əyalının yanından,
El qaçsa, ayrılar xanımanından,
Doğru durub qılınc vurulsun indi!
Ağzımız bir etsək tükəl Ersəri,
Düşman gələ bilməz dəryadan bəri.
Hər iyidin savaş olsa hünəri,
Önümüzə salıb sürülsün indi!
Yağı olsa Salur, Sanğı Təkə,
Biz burda el olmaq oxşamaz yekə.
Böylə oturunca pul çəkə-çəkə,
Bir qılınca qüvvət verilsin indi!
Seydi deyər: qayrıb, daşıb, cuş edib,
Bir beş gün gəzəli könül xoş edib.
Cərconu alarsaq basıb, boş edib,
Zalım əhli tamam qırılsın indi!