Görünür (Koroğlu)

Görünür (Koroğlu)
Müəllif: Koroğlu
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Uzaq-uzaq dağ başında
Tala-tala qar görünür.
Nə dəlilər, nə Çənlibel
Nə alagöz yar görünür.

Ətrafım tir, kaman, oxdu,
Dəlilər yanımda yoxdu.
Mən yalqızam, düşman çoxdu
Qaçmaq mənə ar görünür.

Divanə könlüm şad olmaz,
Laçın könlüm ovsun almaz.
Baxıram Eyvaz görünməz
Dünya mənə dar görünür.

Bu sinəm yaralı düşdü,
Dağların maralı düşdü.
Yar məndən aralı düşdü
Tərlan uçmaz, sar görünür.

Koroğlunun məlul çağı,
Durulmaz keyfi, damağı.
Bar gətirib gürcü bağı
Dal budaqda nar görünür.