Görünür (Növrəs İman)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Görünür Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.57 |
Həyat bir dövrandı, iki üzlüdü,
Qarası görünür, ağı görünür.
Hər sözün, söhbətin öz məqamı var,
Çürüyü görünür, sağı görünür.
Bir barlı baqçaydım, barım kəsildi,
Vaxtsız xəzan əsdi, karım kəsildi.
Vətənimdən etibarım kəsildi,
Qürbət ellər mana yağı görünür.
Növrəs İman haqdan istər payını,
Dərdə düşsün muxənnəti, xayını;
Yemə çörəyini, içmə çayını,
Namərd süfrəsində ağı görünür.