Görüncə
Müəllif: Xəstə Qasım
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Gözəllər gözəli, şahi-gülbədən,
Didəm ağlar mən camalın görüncə.
Aşıq deyər: görüncə,
Siyah telin görüncə,
Get bir mərdə qul ol sən,
Namərd üzün görüncə.
Mina gərdən, büllur buxaq, diş inci,
Çəkilibdi hilal qaşlar gör incə.

Kim yetikdi həqiqətin evinə,
Həqiqətin, mərifətin evi nə?
Aşıq deyər: evinə,
Xanəsinə, evinə,
Yağıb qəmlər yağışı,
Viran könlüm evinə.
Dolanmayın heç namərdin evinə,
Gözü çıxar bir qonağı görüncə.

Kim cahanda aşıq oldu avara,
Dolandı dünyanı qaldı avara,
Aşıq deyər: avara,
Məcnun gəzər avara,
Uyma namərd felinə,
Səni qoyar avara.
Xəstə Qasım, nə gəzirsən avara,
Ölüm yeydi bu günləri görüncə.