Görən harda belə gözəl məkan var

Görən harda belə gözəl məkan var
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)


                 Ağbaba deyilən qalxıb göylərə,
                 Görən harda belə gözəl məkan var?
                 Tanrı naxış çəkib bizim yerlərə,
                 Görən harda belə gözəl məkan var?
                           
                 Öksüzdən qalxanda bir qatı duman,
                 Göllü su əlindən çəkir əl - aman.
                 Düzkəndin dörd yanı yamyaşıl orman,
                 Görən harda belə gözəl məkan var?
                    
                 Muğelli deyilən bir dərə dağdır,
                 İbişin yediyi sarıca yağdır.
                 Bu cənnət məkanın dörd yanı bağdır,
                 Görən harda belə gözəl məkan var?
                    
                 Bu yan Söyütlüdü, o yan Baxçalı,
                 Güllərdən seçilmir dağların yalı.
                 Xəstəyə dərmandı Bozqala balı,
                 Görən harda belə gözəl məkan var?
                                                 
                 Balıqlı xoş nişan, Xənçəlli nizə,
                 Dağda süsən-sünbül çıxıbdı dızə.
                 Burda Aşıq Heydər güc verir sözə,
                 Görən harda belə gözəl məkan var?