Görəndə (Çoban Məhəmməd)
Görəndə (Çoban Məhəmməd) Müəllif: Çoban Məhəmməd |
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 35 |
Genə yada düşdü fəsli-nobahar,
Zimistanda boran-qarı görəndə.
Dağlarda açılan güllər, lalalar,
Xəzan oldu bu ruzgarı görəndə.
Gözüm görüb, könlüm tutubdu yası,
Al yerinə geyir qara libası.
Köçübdü yaylaqdan gözəllər xası,
Əbrü baran müşərrarı görəndə.
Köçüb gedər ellər, boş qalıb dağlar,
Məhəmməd görəndə ah çəkib ağlar.
Çəkər xədəngini kamana bağlar,
Kamil ovçu maralları görəndə.