Görəydim (Növrəs İman)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Görəydim
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 55

Gərdiş hərlənəydi, çarx dolanaydı,
Gedib bir də yar ovlağı görəydim.
Car olur hər yana dağlar köksündən,
Kövsər kimi var bulağı, görəydim.

Bir yanda dolana türfə gözəllər,
Dəstə tutub, car tərəfi gəzələr,
Ağ buxaqa lalə, nərgiz düzələr,
Seyr edələr solu, sağı, görəydim.

Yetişəydi gül-çiçəklər zamanı,
Gələydi şikara gözəllər xanı.
Ətri-gül vuraydı hərdən insanı,
Məskən qılıb, o yaylağı görəydim.

Macal verə əcəl, gün gəlib yetə,
Baş verə şaqayıq, yasəmən bitə.
Şövqə gəlib, bağda əndəlib ötə,
İman deyər, bu damağı görəydim.