Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu

Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu
Müəllif: Məhəmməd Füzuli


Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu,
Zərrə-zərrə şərəri-atəşi-hicrandır bu.

Sanmanız qanlı düyün, sinə dəlib, baş çəkmiş,
Şöleyi-atəşi-ahi-dili-suzandır bu.

Kəsmə ümmid könül başına cizginməkdən,
Ola nagəh, düşə fürsət ələ, dövrandır bu.

Dəmbədəm canımı, ey dərdü bəla, incitmin!
Lütf edin bir-iki dəm kim, sizə mehmandır bu.

Nə yaxırsan oxun, ey atəşi-dil, vəsl günü,
Bizə hicran gecəsi şəmi-şəbistandır bu.

Könül istər ala bir bu səri-zülfündən, leyk,
Vermədən can dilər almaq, sanır asandır bu.

Dün demişsən ki: Füzuli mənə qurban olsun!
Sənə qurban olayım, yenə nə ehsandır bu.