Gördüm (Çoban Məhəmməd)

Gördüm (Çoban Məhəmməd)
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 34

Gedirdim, güzarım düşdü bu dağa,
Ovçu bərəsində maralı gördüm.
Yatıb inildəyir, durur boylanır,
Bir neçə yerindən yaralı gördüm.

Zalım ovçu onu alıb nişana,
Dəyib yaman güllə, bələyib qana,
Çox incidir, dönür o yana-bu yana,
Kəsilibdi səbri, qərarı gördüm.

Təbib olsam, yaraların bağlaram,
Sinəm üstün düyünlərəm, dağlaram.
Məhəmmədəm, o səbəbdən ağlaram,
Ananı baladan aralı gördüm.