Gördüm (Aşıq Ələsgər)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gördüm Müəllif: Aşıq Ələsgər |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Gedirdim güzarım düşdü bulağa,
Ovçu bərəsində maralı gördüm.
Yatır, inildəyir, durub boylanır,
Bir neçə yerindən yaralı gördüm.
Zalım ovçu onu alıb nişana,
Dəlib ürəyini, boyayıb qana,
Yıxılıb çevrilir o yan bu yana,
Kəsilibdi səbri, qəralı gördüm.
Təbib olsam, yaraların bağlaram,
Sinən üstün düyünlərəm, dağlaram,
Ələsgərəm o səbəbdən ağlaram,
Ananı baladan aralı gördüm.