Gördüm (Məhəmməd Xəlifə Aciz)

Gördüm
Müəllif: Məhəmməd Xəlifə Aciz
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Xalxal Siyəhkəmərdə bir –
Siyəhtelli pəri gördüm.
O gözlərə Ayı, Günü,
Zöhrəni, Müştəri gördüm.

  • * *

Bir mələkdir enib yerə,
Bənzəməz hərgiz bəşərə,
Pəri göründü nəzərə,
O mələkmənzəri gördüm.

Nə Şamda, var, nə Hələbdə,
Nə əcəmdə, nə ərəbdə.
Müxtəsər zülməti-şəbdə,
Xurşidi-ənvəri gördüm.

Demə, o sərvi-qaməti,
Qiyamında qiyaməti,
Qiyamətdir əlaməti,
Şurişi-məhşəri gördüm.

Ox kirpiyin, zülfün pürçin,
Acizin qanına rəngin,
Həmi bir alıcı laçin,
Həmi kəbki-dəri gördüm.