Gördüm (Yəhya bəy Dilqəm)

Gördüm
Müəllif: Yəhya bəy Dilqəm
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Gəncənin Şəmkir elində,
Bu gün bir novcavan gördüm.
Gözləri canlar alandı,
Qaşlarını kaman gördüm.

Duruşu gəldi xoşuma,
Yem verdi könlüm quşuma,
Sevdası doldu başıma,
Oldu halım yaman gördüm.

Göldə üzən gözəl sona,
Nə girirsən donnan-dona,
Neçə molla, alim ona,
Verdi əldən iman gördüm.

Gözüm düşdü o dilbərə,
Baxmadı mənə bir kərə,
Elə bil ki, göydən yerə,
Yeni huri, qılman gördüm.

Dilqəmi saydı bir gəda,
Rubənd açdı mələkzada,
Müxtəsər, şəbi-yəldada
Mən onu mahtaban gördüm.