Gördüm yenə cananımı canan arasında

Gördüm yenə cananımı canan arasında
Müəllif: Mirzə İsmayıl Qasir
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Gördüm yenə cananımı canan arasında,
Guya ki, durub huriyü qılman arasında,

Hər kim görə ol qaməti-mövzunu deyər kim,
Bir sərvü xuramandı gülüstan arasında.

Ox tək qədi-dilcuyi oiub canıma peyvənd,
Ney-ney bir əlifdir, yazılıb can arasında.

Gördüm gözünü zülfi-siyahilə dedim bəs,
Nərgiz açılıb sünbülü reyhan arasında.

Bir zərrə camalından olub Leylidə zahir,
Məcnun, yeri var, qalsa biyaban arasında.

Mənada ona cilvə edib eşqi-Züleyxa,
Qoydu neçə il Yusifi zindan arasında.

Hüsnilə sənə Yusif ola bəlkə bərabər,
Vəsf eyləyib, Allah, onu Quran arasında.

Hər dəm görünür həlqəyi-zülfində cəmalı,
Bir kuyi-bilurinidü çovkan arasında.

Hər laf vuran kimsənə aşiq ola bilməz,
Aşiq odu kim can verə meydan arasında.

Ey kaş ola bu Qasiri-biçarə müqəssir,
Məhbus ola ol çahi-zənəxdan arasında