Gördünmü
Müəllif: Aşıq Bəsti
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06.

Gedən karvan, əylə görüm köçünü,
O yollarda Xançobanı gördünmü?
Söylə, nə buyurdu, söylə, nə dedi?
Ver bir nişan, o cavanı gördünmü?

Söylə, dumandımı dağların başı,
Buludlar tökürmü leysan göz yaşı?
Baxırmı yollara qərib başdaşı,
O dağlarda pərişanı gördünmü?

Qara gəldi bu Bəstinin dünyası,
Çatdı bülbüllərə qəmi, naləsi,
Kəsildi dağlardan tütək, ney səsi,
Necə susdu, o tərlanı gördünmü?