Görmüşəm (Aşıq Hüseyn Bozalqanlı)

Görmüşəm
Müəllif: Aşıq Hüseyn Bozalqanlı
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma

Bu qoca dünyanın yoxdur vəfası,
Gah boşalıb, gah da dolan görmüşəm.
Qızılgül açılıb heç xəndan olmaz,
Xəzan dəyib, birdən solan görmüşəm.

Cahanın gülünü bir kimsə dərməz,
Qəza kəməndinə düşən qurtarmaz.
Bəndə yüz çalışsa, biri düzəlməz,
Haqdan qeyrisini yalan görmüşəm.

Yazıq Hüseyn Haqqa verib guşunu,
Qəza vurub, qədər əyib işini.
İtirənlər düzə bilmir beşini,
Milyonlar dağılıb, talan görmüşəm.