Görmədim (Aşıq Ələsgər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Görmədim
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.


Bivəfanın,müxənnəsin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin
Namusun, qeyrətin, arın görmədim.

Namərdi özümə mən dost eylədim,
Yolunda canıma çox qəsd eylədim.
Söyütdən bağ saldım, peyvəst eylədim
Almasın, heyvasın, barın görmədim.

Nəfs aldatdı, hər yetənə xan dedim,
Bihuda kollara gülüstan dedim,
Əbəs yerə bivəfaya can dedim,
Zəhmətin çox çəkdim, karın görmədim.

Huşum çaşdı, düşdüm olmaz oyuna,
Yetmədim gözəlin əsli soyuna,
Aşiq oldum simasına, boyuna,
Hayıf ki, kamalda dərin görmədim.

Ələsgər, elmində olma nabələd,
Doğru söylə, sözün çıxmasın qələt.
Şahiddə iman yox, bəydə ədalət,
Qazıların düz bazarın görmədim.