Görməsəm hər göz açanda ol güli-rəna üzün

Görməsəm hər söz açanda ol güli rəna üzün
Müəllif: Məhəmməd Füzuli


Görməsəm hər göz açanda ol güli-rəna üzün,
Göz yumunca əşki-gülgunim tutar dünya üzün.

Gərçi kafirsən sənə, ey büt, yetər ol əcr kim,
Rəğbətin bütxanədən döndərdi yüz tərsa üzün.

Pərdeyi-çeşmimdə nəqşi-cövhəri-tiğin sənin,
Mövcə bənzər kim, tutar təhrik ilə dərya üzün.

Olma, ey səhranişin, qafil deyil hər su sərab,
Mövci-əşki-çeşmi-Məcnundur tutan səhra üzün.

Yadi-ruxsarilə ol mahın gözüm qan-yaş tökər,
Hər görən saətdə xyrşidi-cahanara üzün.

Naz edib döndərmə, ey bidərd, üz üşşaqdən,
Bunca həm göstərmə fəqr əhlinə istiğna üzün.

Ey Füzuli, dudi-ahim tirə eylər aləmi,
Görməsəm bir ləhzə ol mahi-mələksima üzün.