Göyçə ellidi
Göyçə ellidi Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
(qıfılbənd)
On altı paçalı o nə əlamətdi,
O, nədir ki, dörd ayaqdan nallıdı?
Yay olanda özün pünhan eyləyər,
Üç ay zimistanda qalmaqallıdı.
Səkkiz dəst sümüyü var əndamında,
Yüz damarı qərar tutub canında.
Bir gözü kəllədə, isbat yanında,
Onu görənlərin adı bəllidi.
Heç kəs ilə salam, səfa eyləməz,
Heç kəs ilə üzün tutub söyləməz.
Heç gedəni yoldan tutub əyləməz,
Bir səri dumanlı köksü yellidi.
Alimlə düşmüşəm cəngi-savaşa,
Tapılmaz xanədi zor vermə başa.
Deməynən şairlər söz deyir boşa,
Xəbər alsan əslim, Göyçə ellidi.
Gecələr gözümə vermədim xabı,
Eşq atəşi məndə qoymayıb tabı.
Məmmədhüseynə verə bilsən cavabı,
Bir şəxs idi, sağı-solu qulludu.