Göyçənin (Aşıq Musa)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Göyçənin
Müəllif: Aşıq Musa
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.

Siz eşidin vəsfi-halın söyləyim,
Yaxşı camaatdı eli Göyçənin.
Adamları saf məhəbbət əhlidi,
Cənnətdi çəməni, çölü Göyçənin.

Hər yerdə söylənir Göyçənin adı,
Səfalı yaylağı, qurğu busatı.
Sürüynən erkəyi, ilxıynan atı,
Nə çoxdu dövləti, malı Göyçənin.

Hər dağdan ucadı Çalmalı dağı,
Car olub köysündən Qumlubulağı.
Əziz saxlayırlar gələn qonağı,
Dad verir dahana balı Göyçənin.

Musanın sözlərin eyləyin əzbər,
Yazılsın kitablar cəm olsun dəftər.
Gəzəsən kəndbəkənd, şəhərbəşəhər,
Deyəsən necədi halı Göyçənin.