Göyərçin və qarışqa

Göyərçin və qarışqa
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri varmış, biri yoxmuş. Meşə göyərçini bir yaz günü su içməyə getdi. Gördü bir qarışqa suya düşüb çapalayır. Göyərçin tez qarışqanın köməyinə gəldi. Dimdiyinə bir yarpaq alıb suya atdı. Amma yarpaq qarışqadan xeyli uzağa düşdü. Çayın axarı qarışqanı xeyli uzağa apardı. Bu dəfə göyərçin caynağına çöp alıb onu suya atdı. Qarışqa tez çöpə dırmaşdı. Beləliklə, o ölümdən qurtardı. Sahilə çıxanda qarışqa göyərçinə dedi:

-Məni ölümdən qurtardın. Bir gün olar, mən də sənə kömək edərəm.

Göyərçin qarışqanın sözünə güldü.

-Sən çox kiçiksən, mənə necə kömək edəcəksən?

Göyərçin uçub getdi. Həmin vaxtdan xeyli keçdi. Göyərçin ağacın başında yuvasında rahatca yatmışdı. Bir ovçu onu çoxdan güdürmüş. Göyərçini yatdığı yerdən götürmək istədi. Ovçu ayaq barmağının ucunda ağaca yaxınlaşdı. Tətiyi çəkmək istəyəndə qarışqa ovçunun boynundan bərk dişlədi. Ovçu tətiyi çəksə də, göyərçini vura bilmədi. Tüfəngin səsinə göyərçin oyandı. Qarışqanı gördü, dedi:

-Çox sağ ol, dost. Yaxşılığa yaxşılıq deyiblər.